İzin ver…

Mənimçün yaradıb Yaradan səni,
İlahi gözəllik payına düşüb.
Qorudum qəlbimdə hər zaman səni,
Görüşdən il keçib, aylar ötüşüb.

Məni anlayansan, duyansan, gülüm,
Eşqimin çırağı, qolum, qanadım.
Ürəyə dayaqsan, həyansan, gülüm,
Sən mənim şöhrətim, sən mənim adım.

«Ömrümü, günümü qurban verərdim»,
Zamanın hökmü var, öz qanunu var.
Gəl yetiş dadıma yox olsun dərdim,
Qəlbimdə yerin var, ey sevimli yar.

Seyr etdim hüsnünü coşdu ilhamım,
Bu eşqin dalınca baş alıb qaçım.
Neyləyim, həsrətdən üzüldü canım,
İzin ver, qoy gəlib qəlbimi açım!

8 oktyabr 1991