Kədərlənmək nə lazım, gül dedim, ay nazənin

Kədərlənmək nə lazım, gül dedim, ay nazənin,
Ürəyindən hər dərdi sil dedim, ay nazənin.

Sevmək, sevilmək üçün doğulubdur insanlar,
Yolunu qapımızdan sal dedim, ay nazənin.

Bəzən aşiq eşqini bəyan edə bilməyir,
Qəlbimdən keçənləri bil dedim, ay nazənin.

Həsrətindən çoxları Məcnuna dönüb inan,
Sən ətirli təzə-tər gülsən, gül, ay nazənin.

Baxışların mənalı, nazına dözmək olmur,
Məhəbbətin qeydinə qal dedim, ay nazənin.

Kəşməkəşli dünyanın Leylisi, Məcnunu var,
Sən sevginin qədrini bil dedim, ay nazənin.

Əli Vəkil həyatda hikmətli söz vurğunu,
Hərdən onu yadına sal dedim, ay nazənin.

25 mart 2003