Kəhər at

At al, mənə bazardan,
Köhlən at al, ay ata.
Necə çapım mən onu,
Necə minim mən ona?

Oğlum, atalar deyib:
Sev, tumarla kəhəri.
Atı minmək istəsən,
Qoy belinə yəhəri.

Məğrur əyləş at üstə,
Möhkəm yapış cilovdan.
Bacarsan at çapmağı,
Yıxılmazsan heç zaman.

Ayağın üzəngidə,
Düzgün otur yəhərdə.
Əgər qamçı vurmasan,
Səndən küsməz kəhər də.

İncitməsən sən atı,
Qovmasan billə-bilə.
At səni yolda qoymaz,
Tez çatarsan mənzilə.

7 avqust 1985
Pidsunda