Keçmişin qoy olsun başında bir tac

Keçmişin qoy olsun başında bir tac,
Kimi toxdur, kimlər isə yalavac.
Oxşar deyil insanların həyatı,
Biri saray salar, biri yoxsul, ac.

Əkiz qardaş olub ağılla həya,
İnsanla bir gəlib onlar dünyaya.
Ağılı, həyası olan hər insan,
Çox olsun həyatda, gəlməsin saya.

Nəyisə cahanda itirməsən, bil,
Özgəsini tapmaq heç mümkün deyil.
Nəsə qurban gedər nəyin naminə?
Kim deyir nəyinsə naminə əyil?

Ağıllı dünyada kamal axtarar,
Cahil isə həmişə mal axtarar.
Əl çirkidir bu aləmdə pul, sərvət,
Xam xəyala düşən özünü yorar.

Ağıl var, kamal yox, təzada bax sən,
Ağılla, kamalla göylərdə çax sən.
Ağıl da, kamal da bizə gərəkdir,
Ağılı, kamalı döşünə tax sən.

Mənəvi təmizlik olmayan yerdə,
Tərəqqi, yüksəliş düşünmə bir də.
Mənən təmiz olan insan aqildir,
Mənəviyyat-sərvət yatır qəlblərdə.

Hər saqqalı olan ağsaqqal deyil,
Elə gənc var nuranidir elə bil.
Ağıl yaşda deyil, başdadır axı,
Arif adam çox lazımdır elə, bil.

Mümkün olsa əgər saçı borc almaq,
Keçəl ad alardı, olardı qoçaq.
Mənasızdır azmıçoxmu başda tük,
Başın ağılına, kamalına bax.

Dil var bal gətirər, dil də var bəla,
Kaş ki, hər insanın dili bal ola.
İlanı yuvadan çıxara dili,
Hər sözü, kəlamı yadında qala.

Qorumaq lazımdır anla, bil, başı,
Görərsən güdaza verdi dil, başı.
Dil başa gərəkdir, baş dilə gərək,
Bir-birinə qulaq assın yanaşı.

Yazdığına bax, sən yazana baxma,
Hər sözü yüz cürə yozana baxma.
Öz sözünün sahibi ol həyatda,
Su kimi hər yana meyl edib axma.

Qələm qılıncdan da itidir, iti,
Qələm yazır hər incini, hikməti.
Qoy həmişə həqiqəti yazsın o,
Qələm tanıtdırsın eli, milləti.

Əl qələm tutursa heç vaxt dilənməz,
Yazmaq üçün yer üzünü dolan, gəz.
Qələmin yazdığı dillərə düşür,
Dahilər tutubdur, yox ona əvəz.

Qaçan da Allahı çağırır, bilin,
Qovan da Allahı çağırır, bilin,
İnsanlara arxa olmaq şərəfdir,
Təkcə siz haraya vaxtında gəlin.

Duran yeyər oturanın payını,
Həm də tapsın gərək taylı tayını.
Oturan yerindən dərhal durmasa,
Unudacaq həftəsini, ayını.

7 sentyabr 2002