Kim baxmasa əgər ulu sözünə

Kim baxmasa əgər ulu sözünə,
Uluyauluya gəlsin özünə.
Ulu söz ululardan yadigar,
Bıçaq olar düşmənlərin gözünə.

Aləm yıxa bilməz el tikən evi,
Bir dünya yerləşən uca, gen evi.
Kim nə deyir qoy desin, neynək,
İnsanlar sevəcək daim şen evi.

Kim ki, quyu qaza doğma el üçün,
Özü düşəcəkdir oraya bir gün.
Deyiblər quyunu gen qaz, dərin qaz.
Quyu dərin olsa, daha nə səs, ün.

Loğman olur eldən dərs alan insan,
Hər dərdə çarəni tapacaq loğman.
Dünyada hər kəsin dərdi, səri var,
Dərman da, loğman da gərəkdir inan.

Xəsisdən yumurta alsan çox, ya az,
Həmin yumurtanın sarısı olmaz.
Dəyərli söz nəsillərə yadigar,
Qələm götür bu barədə sən də yaz.

Dəli bir dəmir qoşulsa, dostlar,
İnanın göylərdən dəyənək yağar.
Dəlini dəlidən ayırmaq gərək,
Dünyamızda az da olsa dəli var.

Bu dünyada elə dərd var gələr keçər,
Kainatda elə dərd var dələr keçər.
İnsan kimi dərdlərin də dili var,
Elin dərdi ürəklərdən mələr keçər.

Dərd gizlədən davasını tapammaz,
Oynamağa havasını tapammaz.
Dərdlər fəsil tanımayır həyatda,
Bular sahibini həm qış, həm də yaz.

Ətin çiyi deyiblər ət gətirər,
Xəmirin çiyi də dərd gətirər.
Hər insan qorusa sağlamlığını,
Firavan, mənalı bir ömür sürər.

Bu sözləri bir də eşit, yaxşıdı,
Ac bəydənsə, vallah, tox it yaxşıdı.
Acgözlərdən deyin axı nə çıxar?
Toxluq elə bu həyatın naxşıdır.

Acın nə insafı, nə tanrısı var,
Ac qurd baxmaz, balasını parçalar.
Kaş dünyada ac qalmasın insanlar,
Adam da var onun gözü ac olar.

Unutma, keçmişi yadına sal bir,
Keçmiş gələcəyin müəllimidir.
Gələcək qurulur keçmişin üstə,
Özü də qəlbində hakimlik edir.

Keçən keçdi, dərd gələcək dərdi¬dir,
Aqil insan gör nələri dərk edir.
Dərd insanın yol yoldaşı əzəldən,
O da sənin ilə birgə yol gedir.

Hardasa dilini saxlaya bilsən,
Qoruyarsan sən başını, min əhsən.
Yaxşı deyiblər ki, dil başa bəla,
Sahib ol hər yerdə öz dilinə sən.

Kiminsə əlindən tutubsansa sən,
Bir gün mütləq tutacaqlar əlindən.
Köməksizə arxa olmaq savabdır,
Heç olmasa xoş söz çıxsın dilindən.

6 sentyabr 2002