Vedrəsində su
Gətirib Gülşən
Qoydu eyvana.
– Qızsın burada
Gəlinciyimin
Donunu gərək
Yuyum, ay ana.
– Yayın ən isti
Günüdür, qızım.
Suyun qızınca
Sən də bir qədər
Yat, dincəl, quzum.
Otaq sərindi,
Gülşən çox yatdı.
Axırda ana
Əlacsız qalıb,
Onu oyatdı.
Duran kim qız
Qaçdı eyvana.
Baxıb gördü ki,
Bomboşdur vedrə.
– Ay ana, bəlkə
Suyu vedrədən
Töküblər yerə?
– Qapı bağlıydı
Sən yatan zaman.
Qızım, eyvana
Nə insan keçib,
Nə Xallı Məstan.
– Yəqin suyumu
Sərçələr içib.
Sonra da onlar
Harasa uçub.
– Yandırır yeri
Odu, atəşi.
Günahkar tanı,
Qızım, bu işdə
Yalnız Günəşi.
– Yoxsa Gunəşin
Ağzı var, ana?
Göylərdən necə
Düşdü eyvana?
– Günəş heç zaman
Düşməyir yerə.
Saçaqlarını
Çiləyir yerə.
Günəş şüası
Vedrədə suyu
Əvvəl qızdırıb,
Sonra da onu
Buxarlandırıb.
Aydındır indi,
Hər şey, ay Gülşən?
Küsürsənsə küs
Yalnız Günəşdən.
18 avqust 1985
Pidsunda