Kim sevəcək?

Andına sadiq qalanı,
Eşqindən ilham alanı,
Həsrətindən saralanı
Sən sevməsən, kim sevəcək?

Adına nəğmə qoşanı,
Çaylar tək aşıb-daşanı,
Kərəm ilə yarışanı
Sən sevməsən, kim sevəcək?

Əridib dumanı, çəni,
Görüşünə tələsəni,
Yolunda qurban kəsəni
Sən sevməsən, kim sevəcək?

Fəda edər şirin canı,
Özgə kimdir din-imanı?
Onun tək ali insanı
Sən sevməsən, kim sevəcək?

Eşqi ümman, eşqi dəniz,
Ürəyinə salmısan iz,
Əli Vəkil qəlbi təmiz,
Sən sevməsən, kim sevəcək?

10 sentyabr 2005