Gözəllər çox Azərbaycan elində,
Ürəyimdə səndən qeyri kimsə yox.
Gülləri çox çəmənində, çölündə,
Ürəyimdə səndən qeyri kimsə yox.
Hərdən uçub bir gül üstə qonmaram,
Səndən özgə bir kimsəni anmaram,
Qəlbimdəsən nə qədər ki, mən varam,
Ürəyimdə səndən qeyri kimsə yox.
Bu, sehrli, bu, sirli bir dünyadı,
Əbədidi, müqəddəs, pir dünyadı,
Başdan-başa müəmma, sirr dünyadı,
Ürəyimdə səndən qeyri kimsə yox.
Mənası yox nə dövlətin, nə varın,
Övladıyıq biz bu doğma diyarın,
Əsiriyəm sənin kimi bir yarın,
Ürəyimdə səndən qeyri kimsə yox.
Mənim kimi səni sevən de, hanı?
Lap çıraqla axtarıb gəz cahanı,
Saf eşqinə girov qoydum bu canı,
Ürəyimdə səndən qeyri kimsə yox!
11 fevral 2001-ci il