Kölgə

Çayın kənarında ucalıb söyüd,
Öz adı, öz nəsli, öz kölgəsi var.
Suyun nəğməsindən güc alıb söyüd,
Hər il yaşıllaşıb gələndə bahar.

Torpaqdan qoparıb körpə çinarı
Kim isə söyüdün altında əkib.
Qonşu eyləyiblər bu ağacları,
Onların nazını təbiət çəkib.

Söyüd öz-özünə hey qürrələnib:
«Qalıbdır kölgəmdə, gücsüzdür çinar».
Hər yerdə danışıb, hər yerdə dinib,
«Əzəldən şöhrətim, adım, sanım var!»

Torpaqdan, günəşdən hər an güc aldı,
Söyüd kölgəsində qalmadı çinar.
Dərinə kök atıb, göyə ucaldı,
Gəldi kölgəsinə, gəldi insanlar.

«Bu necə hikmətdir, bu necə sirdir?
Elə bil heç məni tanımır çinar.
Torpaq da eynidir, hava da birdir,
Qoşa yaşıllaşdıq gələndə bahar.

Dünən qalmış idi kölgəmdə mənim,
Bu günsə mən onun kölgəsindəyəm.
Çinarın altıdır indi məskənim,
Məni məhv edəcək bu həsrət, bu qəm».

Söyüd unudurdu, bilmirdi əlbət,
Dünyanın öz hökmü, öz qanunu var.
Sığınıb özgəyə, götürüb minnət,
Söyüd kölgəsində yaşamaz çinar!

Sentyabr 1983