Könlümün

Öz dərdi var, öz arzusu,
Mənim bu şüşə könlümün.
Yüz istəyi, yüz arzusu
Olub həmişə könlümün.

Sevən anda gül tək açan,
Fərəhindən quştək uçan,
Arzuları, deyin haçan
Yetibdi başa könlümün?

Azalmayır ahı-zarı,
Bir şadlana, gülə barı,
Bilmirəm nədən güzarı
Ha düşür qışa könlümün?

Ötüb keçən ömrün yoxu,
Təmiz hisslər arı, yoxu,
Atılanda sevgi oxu
Dəyibdir daşa könlümün.

Kaş ürəkdən güləydim mən,
Bir doyaydım məhəbbətdən,
Qəmlənməyə, dil aça şən,
İlhamı coşa könlümün!

20 may 2002