Əzbərdən şeir deyir
Könüllə Bəşir yenə.
Nə olub salıb onlar
Evdə hay-həşir yenə?
Qulaq asıb bu oğlan
Könülün hər sözünə.
Hərdən də durub baxır
Dəcəl qızın üzünə.
İki yaşı tamamdır
Bu gün şıltaq Bəşirin.
Gəlin təbrik eləyin,
Gəlin ona əl verin.
Görən niyə baxmayır
Nə «pələngə», nə «şirə»?
Könül yenə dil tökür,
Öyüd verir Bəşirə.
Ay balalar, bu sirri
Siz də eşidin, bilin.
Bacısının oğludur
Axı, Bəşir Könülün.
Könül ağıllı qızdır,
Cəmi altı yaşı var.
Bu yaşda qızdan da heç
Adama xala olar?