Ləpədöyəndə…

Dəniz nəğməsini dinləyim deyə
Bir evcik qurmuşam ləpədöyəndə.
Vurğunam sulara, həzin nəğməyə –
Bir evcik qurmuşam ləpədöyəndə.

Qəm üstə köklənib qəlbimin simi,
Dinim öz-özümə divanə kimi?
Sulara söyləyim mən də dərdimi,
Bir evcik qurmuşam ləpədöyəndə.

Dərdimi dinləsə göy Xəzər daşar,
Yəqin taleyimə bir dastan qoşar,
Ürəyimdə ümmanlarca qəm yaşar,
Bir evcik qurmuşam ləpədöyəndə.

Küskün taleyimlə barışam gərək,
Dalğalı dənizə söz qoşam gərək,
Şıltaq dalğalarla yarışam gərək,
Bir evcik qurmuşam ləpədöyəndə.

Sakit olmur söhbət edək, dərdləşək,
Hərdən susaq, fikrə gedək, dərdləşək,
Həmdəm olaq, dərd əhlitək dərdləşək,
Bir evcik qurmuşam ləpədöyəndə.

Kaş yumasın evciyimi ləpələr,
Yuyur-yusun dərdi-qəmi ləpələr,
Unutmasın zili, bəmi ləpələr,
Bir evcik qurmuşam ləpədöyəndə.

Gurlamasın fırtınalar, tufanlar,
Dəniz varsa fırtına var, tufan var,
Darıxaram əssə külək, yağsa qar,
Bir evcik qurmuşam ləpədöyəndə.

19 may 2002