Anadan olmasının 150 illiyinə
Dili qələm oldu, sinəsi dəftər,
Sözə sadiq qaldı ölənə qədər,
Tazənə əlində hər axşam, səhər,
Sədəfli sazını çaldı Ələsgər.
Qisməti telli saz, məhəbbət camı,
Çağladı köksündə eşqi, ilhamı,
Adını hörmətlə yad edir hamı,
Yolunu qəlblərdən saldı Ələsgər.
Könlu axtarışda, qulağı səsdə,
Simlər nalə çəkdi, ötdü ahəstə,
Hərdən də dayanıb bir bulaq üstə,
Dərindən xəyala daldı Ələsgər.
Söz qoşdu yaylağa, uca dağlara,
Vuruldu Göyçəyə, doğma diyara,
Qalxdı gah Kəpəzə, gah da Qoşqara,
Zirvədə əbədi qaldı Ələsgər.
Ömründə əlinə almadı qələm,
Qəlbinin sirdaşı oldu kədər, qəm,
Sazında dil açdı özgə bir aləm,
Ozanlar ozanı oldu Ələsgər.
Şöhrət yaranmışdı ulu Göyçəyə,
Arıtək vuruldu gülə, çiəyə,
Ürək tellərini dindirsin deyə,
Sazı sol döşündə çaldı Ələsgər.
Dahi söz vurğunu, sazın ustadı,
Ölməzdir sənəti, ucadır adı,
Əli Vəkil, de ki, unudulmadı,
Fərhaddı, Rüstəmi-Zaldı Ələsgər.
10 fevral 1972