Qarış-qarış dolaşsam da, mən bu eldən doymayıram,
Laləli, nərgizli, şehli çöldən doymayıram.
Oxşadıqca mən yarımın ipək kimi saçlarını,
Onun şirin sbhbətindən, siyah teldən doymayıram.
İlk baharı salamlayır sinəsi ağ qaranquşlar,
Bağçalarda ətir saçan əlvan güldən doymayıram.
Ömrümüzdən ötüb keçir, tarix olur aylar, illər,
Amma bilməm, bilməm niyə ötən ildən doymayıram?
Əzəl gündən mən sazın da, kamanın da vurğunuyam,
Varlığımı ovsunlayan, tarda teldən doymayıram.
Qarşısında nə var yıxar çaylar daşıb-kükrəyəndə,
Gərək ona bənzəyək biz, coşan seldən doymayıram.
Laçın, Şuşa indi bizi haraylayır, Əli Vəkil,
Kəlbəcərdən, Qubadlıdan mən əzəldən doymayıram.
20 mart 2003