Lalə ömrü

Anadan gözəl doğuldun,
Adına Lalə dedilər.
Çəkməyəsən bu həyatda
Nə ah, nə nalə, dedilər.

Qəribədir, bu dünyada
Ömrün laləyə bənzədi.
Məhəbbətin gül tək soldu,
Bu, taleyin hökmü idi.

Əlin yetdi səadətə,
Qəlbinə xal düşdü, niyə?
Ağacdakı qızıl alma
Budaqdan kal düşdü, niyə?

On yeddi il bundan əvvəl
Xəzan oldu məhəbbətin.
Kədər qara bir xaldımı,
Tezcə soldu məhəbbətiin?

Adın lalə, özün lalə,
Həyatındır bir cüt qızın.
Həm atasan, həm də ana,
Nur saçmayır eşq ulduzun.

Neyləyəsən, əlacın nə?
Bu ki, tale qismətindir.
Daim səni düşündürən
Namusundur, ismətindir.

Bir həsrətdən ana qəlbin
Hey kövrələr, sızlar, sızlar.
İndi bircə təsəllin var –
Xoşbəxt olsun təki qızlar!

14 oktyabr 2000