Əllərim

Bəzəyidir onlar insan ömrünün,
Necə yaşayardım əlim olmasa?
Çəkic tutmaq üçün, əl sıxmaq üçün
Kədər daşıyardım əlim olmasa.

Əlimlə qələmin peymanı vardır,
Sağ əlim yazıbdır nəğmələrimi.
Torpaq becərmək də bir iftixardır,
Kaş ki, tanınaydım əkinçi kimi.

Şərəfdir daş yonub saraylar tikmək,
Möhtəşəm heykəllər yaratdı əllər.
Silaha sarılıb ər oğlu ər tək,
Doğma Vətənini qorudu ellər.

Yaşamaq üçündür qabarlı əllər,
Bəzən qurduğunu uçurur insan.
Baxıb əhsən desin gələn nəsillər,
Dəyərli hər nə var olsun ərməğan.

Günahsız insana qıyan əl də var,
Allaha, bəndəyə məhəl qoymayır.
Gül açan bir ömrü vaxtsız soldurar,
Adam var tökdüyü qandan doymayır.

Cinayət törətməz mənim əllərim,
Onun yaxın dostu, sirdaşı qələm.
Yox, silah işlətməz mənim əllərim,
Eşitsin yer üzü, qoy bilsin aləm.

Mərdin əllərini sıxdığım zaman,
Artır bədənimin gücü, qüvvəti.
Elə ki, əl verir naxələf insan,
Coşur ürəyimin kini, nifrəti.

Yıxılan körpəni qaldıran anda
Cənnətə çevrilir gözümdə dünya.
Torpağım, Vətənim darda qalanda
Dil açır, danışır sözümdə dünya.

Doğma Qarabağı qaytarmaq üçün
Əllərim həm qılınc, həm silah istər.
Vuruşum, çarpışım, döyüşüm hər gün,
Öndə addımlasın mərdlər, ərənlər.

Bəzəyidir onlar insan ömrünün,
Necə yaşayardım əlim olmasa?
Çəkic tutmaq üçün, əl sıxmaq üçün
Kədər daşıyardım əlim olmasa!

14 oktyabr 2001