Əlvida, ilim

Əl-ələ, qol-qola gəzdik,
Əlvida, ilim, əlvida!
Sirdaş ola-ola gəzdik,
Əlvida, ilim, əlvida!

Min məna var hər bir səsdə,
Dindi könlüm zildə, pəsdə,
İstə məndən, nəğmə istə,
Əlvida, ilim, əlvida!

Yaş gətirdin yaşım üstə,
Çən-dumandı başı üstə,
Gül bitmədi daşım üstə,
Əlvida, ilim, əlvida!

Torpaq dərdi qəlbimizdə,
Yas içində dağ da, düz də,
Muradımız qaldı gözdə,
Əlvida, ilim, əlvida!

Ömür sürdün on iki ay,
Qış, yaz, payız və isti yay,
Doğulanlar bu yurda pay,
Əlvida, ilim, əlvida!

Nə düşünüb, nə yazmışam,
Şeiri Vətənə yazmışam,
Susmuşam, yenə yazmışam,
Əlvida, ilim, əlvida!

Doxsan yeddi gəlib çatdı,
Öz ömrünü ömrə qatdı,
Gələn hər il amanatdı,
Əlvida, ilim, əlvida!

31 dekabr 1996