Məhəbbət İlahidəndir ondan pay ola bilməz

Məhəbbət İlahidəndir ondan pay ola bilməz,
Gözəllikdə bir kimsənə sənə tay ola bilməz.

Hər aşiqin öz yarı, öz sevimli dildarı var,
Səni heç kəs, bil, ay gülüm, əlimdən ala bilməz.

Haqqı var aşiq olanın sədaqətli yar seçsin,
Qəlbin sazını hər aşiq kökləyib çala bilməz.

Bir-birinə bu həyatda könül açır sevənlər,
Məhəbbətin çiçəkləri heç zaman sola bilməz.

Eşqin bağı gül açır bahar olsun, ya qış olsun,
Bülbül ötən bir gülüstan əğyara qala bilməz.

Məhəbbət dəllalları nə çoxdur bu yer üzündə,
Məcnun sayaq sevməyən heç qəlbə od sala bilməz.

Əli Vəkil, bir nəzər sal ötüb keçən illərə,
İnsan ötən anları yenidən bula bilməz.

17 avqust 2002