Asta get, zalım balası,
Sən ki, can alan mələksən.
Yolçunu yoldan eyləyən,
Cana od salan mələksən.
Gül yanağın, qaşın, gözün,
Şux yerişin, gülər üzün,
Özünə heyransan özün,
Yaddaşda qalan mələksən.
Nə işvədi, necə nazdı,
Sənə bənzər gözəl azdı,
Yazı yazan mənə yazdı?
Göylərdən gələn mələksən.
Bəzə bir ömrün yazını,
İlhamın çəkər nazını,
Qəlbin məhəbbət sazını
Həvəslə çalan mələksən.
De, hansı gün doğulmusan?
Məhəbbətdə büt olmusan.
Bədnəzərdən uzaq dayan,
Eldə gəz, dolan, mələksən.
Sadiq yar andı ürəyin,
Eşqi duyandı ürəyin,
Od aldı yandı ürəyin,
Gözləri dolan mələksən.
Sevən kəslər sözə aşiq,
Həqiqətə, düzə aşiq,
Vurulandır sözə, aşiq,
Sözdən zövq alan mələksən!
8 mart 2004