Nə yaxşı qarşıma çıxdın, əzizim,
Ömrümün baharı ol, ay mələyim.
Şimşək tək qəlbimdə çaxdın, əzizim,
Əbədi yanımda qal, ay mələyim.
Davranışın, söz-söhbətin nə gözəl,
Gülər üzün, xoş sifətin nə gözəl,
Dərin ağlın, xasiyyətin nə gözəl,
Könül rübabımı çal, ay mələyim.
İlahəsən, söylə, sənə tay hanı?
Bircə baxışınla gəl üzmə canı,
Çöllərə salarsan sevən insanı,
Mənimlə xəyala dal, ay mələyim.
Görəndə mən səni mat qaldım düzü,
Hüsnünə baxanın qamaşır gözü,
Sənə deyəcəyim ən şirin sözü
Məndən hədiyyətək al, ay mələyim.
İlham pərisi ol Əli Vəkilin,
Sevib qədrini bil Əli Vəkilin,
Kədəri qəlbindən sil Əli Vəkilin,
Qolunu boynuma sal, ay mələyim.
12 iyul 2002
Rusiya, İvanovo şəhəri