Məndən

Salamlayaq yazı, sonam,
Gəl az eylə nazı, sonam,
Birgə çalaq sazı, sonam,
Teli məndən, teli məndən.

Yar qədrini qoy bilsin yar,
Gülsün ürək, gülsün bahar.,
Gəlsin yaşılbaş sonalar,
Gölü məndən, gölü məndən.

Elim-obam Odlar yurdu,
Qeyrət yurdu, vüqar yurdu,
Hər oğlu basılmaz ordu,
Qılınc səndən, əli məndən.

Bu niskili dünyaya yay,
Ayrı düşüb o tay, bu tay,
Aşıb-daşsın sərhəddə çay,
Seli məndən, seli məndən.

Zirvələrdən bir də baxaq,
Arzu olub qəlbə axaq,
Çəmənləri seyrə çıxaq,
Çölü məndən, çölü məndən.

Qeyrət hissi aşıb-daşsın,
Əli Vəkil quştək uçsun,
Bakı Təbriz qucaqlaşsın,
Gülü məndən, gülü məndən.

Aprel 1991