Məndən öyrən

Daşqəlbli bilməzdim səni bu qədər,
Eşqi, məhəbbəti gəl məndən öyrən.
Sevgi sınağına dözəb sinə gər,
İnamı, cürəti gəl məndən öyrən.

Sevdanın yolları çətindən çətin,
Əgər sevirsənsə mətin ol,mətin,
Qoy düşsün dillərə saf məhəbbətin,
Əhdi, dəyanəti gəl məndən öyrən.

Səni bircə an da unudammaram,
Eşqimi, əhdimi heç vaxt danmaram,
Sözümdən dönmərəm, bu yolda varam,
Vüqarı, qeyrəti gəl məndən öyrən.

Hər yalan, iftira məndən uzaqdır,
Dönüklük, soyuqluq qəlbə yasaqdır,
Ürəyim eşqinlə çırpınacaqdır,
Nəğməni, hikməti gəl məndən öyrən.

Məhəbbət alveri edəmmərəm mən,
Tapdanmış yollarla gedəmmərəm mən,
Səni hey izləyib güdəmmərəm mən,
Dözümü, qüdrəti gəl məndən öyrən.

Səndən baş açmıram mən sözün düzü,
Ömur haqlayacaq əllini, yüzü,
Xoşbəxt həyatımın parlaq gündüzü,
Düşmənə nifrəti gəl məndən öyrən.

Sovurur göylərə külünü dünya,
Hey çəkir başına əlini dünya,
Bir də yetirərmi Əlini dünya?
İnsana hörməti gəl məndən öyrən.

1985