Məni anıb görüşümə gələnim ol, gələnim

Məni anıb görüşümə gələnim ol, gələnim,
Hər dərdimi, hər sirrimi bilənim ol, bilənim.

Həsrətindən qəlbim donsa, kövrəlim mən, ay gülüm,
Əllərinlə göz yaşımı silənim ol, silənim.

Səndən qeyri kimə açım ürəyimin sirrini,
Baxışımdan mətləbimi bilənim ol, bilənim.

Aşiqlərin bir-birini anlaması nə gözəl,
Hərdən könül rübabımı çalanım ol, çalanım.

Pozulmasın qoy əhdimiz, ilqarımız heç zaman,
Həmsöhbətim, evimizdə qalanım ol, qalanım.

Köməyim də, arxam da sən, daha qeyri kimi var?
Bu sevdada, gülüm, zəfər çalanım ol, çalanım.

Əli Vəkil ilham alır öz yurdundan, elindən,
Qəmlənəndə gəl könlümü alanım ol, alanım!

7 aprel 2003