Məni bu dünya

Bir yanda uca dağ, bir yada dərə,
Bu nə gözəllikdir, bu nə mənzərə?
Zirvəyə qaldırdı bəlkə min kərə,
Zirvədən endirdi məni bu dünya.

Həqiqət yolunda alış, yan, – dedi,
Həmişə Vətəni, eli an, – dedi.
Bir gün köçməlidir hər insan, – dedi,
Atına mindirdi məni bu dünya.

Dolaşdım bağında, gülüstanında,
Güldürdü, ağlatdı məni bir anda,
İstərəm car çəkib deyim cahanda,
Yandırdı, söndürdü məni bu dünya.

Uzun yollarında yıxıldım, durdum,
Dalıb xəyallara özümü yordum,
Çox sirri aradım, çox sirri sordum,
Hakimtək dindirdi məni bu dünya.

Görmüşəm varını, həm də yoxunu,
Oddandır, buzdandır zamanın donu,
Çəkir imtahana bəşər oğlunu,
Heyrətdən dondurdu məni bu dünya.

1989