Mənim

Yenə Novruz bayramında şirinləşib sözüm mənim,
Aşıqların sinəsində ötür telli sazım mənim.

Nur tökülür göy səmadan, ilk bahara alqış deyək,
Yenə gündə oldu yarı gecəmlə gündüzüm mənim.

Evlərdəki yaz ətirli səmənitək yaşıllaşdı,
Könül açan, göz oxşayan dağım mənim, düzüm mənim.

Od oğluyam, od sevənəm, həyətlərdə şölə saçan
Tonqalların alovundan işıqlandı üzüm mənim.

Bu bayramın, Yeni günün yaşı yurdun yaşı qədər,
Sevincimdən, ay insanlar, yaşarıbdır gözüm mənim.

Gənclər bu gün qapı pusur qəlblərində ülvi niyyət,
Nişan taxıb, toy edəcək neçə oğlum, qızım mənim.

Yeni günü yaşadığın nəsillərdən nəsillərə,
Çox uludur bu məmləkət, silinməzdir izim mənim.

Əli Vəkil, nəzər yetir bəzədilmiş xonçalara,
Yurdumuza qədəm qoydu xoş qədəmli yazım mənim.

19 mart 2003