Mənim ata yurdum

“Əbədi dünya” poemasından

İllər boyu yaşatmışam qəlbimdə,
Mənim ata yurdum – Yuxarı Şorca.
Sən od-ocaq, yanar bir şam qəlbimdə,
Mənim ata yurdum – Yuxarı Şorca.

Salınıbsan hər dərədə, həm yald,
Keşikçin dağlardı bax sağda, solda,
Keçərək Xıramdan yoruldum yolda,
Mənim ata yurdum – Yuxarı Şorca.

Dedim birdən uçar əlik qayadan,
Baxdım bu dünyaya Dəlik qayadan,
Quşların səsiydi məni oyadan,
Mənim ata yurdum – Yuxarı Şorca.

Dağlarla qonşusan Kəlbəcər ilə,
Dindirsən Keyti dağ gələcək dilə,
Gərək hər övladın qədrini bilə,
Mənim ata yurdum – Yuxarı Şorca.

Aşağı Şorcadı səndən aşağı,
Dərələr, təpələr çəndən aşağı.
Birgə xatırlayaq hər gözəl çağı,
Mənim ata yurdum – Yuxarı Şorca.

Yan-yana düzülüb Çaxmaqda evlər,
Hər gün Keyti dağa baxmaqda evlər,
Düşməni yandırıb yaxmaqda evlər,
Mənim ata yurdum – Yuxarı Şorca.

Neçə-neçə buz bulaqdan içmişəm,
Yaxşını-yamanı burda seçmişəm,
Əli Vəkil, qismətindi kədər, qəm,
Mənim ata yurdum – Yuxarı Şorca.

10 iyun 1960