Mənim olsun

Gəl yenə dayanaq üz-üzə, gülüm
Nə xoşdur dərdləşmək göz-gözə, gülüm.
Hikmətdi calansa söz-sözə, gülüm,
İncitək dəyərli söz mənim olsun.

Dünyada sevgidən qiymətli nə var?
Olsun qismətimiz ətirli bahar,
Veribdir baş-başa vüqarlı dağlar,
Yaşıl çəmən mənim düz mənim olsun.

Leylili, Məcnunlu, Kərəmli dünya,
Gah üzü gülərdi, gah qəmli, dünya,
Bəzən ittihamlı, sitəmli dünya,
Qəlbdə atəş mənim, köz mənim olsun.

Ulu kainatda nədir qisməti?
Təki tapdanmasın arın, ismətin,
Hər simin üstündə köklənmək çətin,
Ötən kaman mənim, saz mənim olsun.

Ömürün payızı, yayı, qışı var,
Kim bilir dünanın neçə yaşı var?
Dövranın qəzası, sapand daşı var,
Güllü bahar mənim, yaz mənim olsun.

İnsan var Günəştək nur yayır gedir,
Qəlbində sevinc, qəm daşıyır gedir.
Doğulur bir ömür yaşayır gedir,
Bu ömür payından yüz mənim olsun.

Sərvət yığan olub, pul yığan olub,
Qönçələr açılıb, çiçəklər solub,
Kainat yüz kərə boşalıb, dolub,
Çoxa can atmaram, az mənim olsun.

Ey qaş-daş üstündə yatan insanlar,
Dünyanı beş əlli tutan insanlar,
Şöhrət zirvəsinə çatan insanlar,
İstərəm həqiqət, düz mənim olsun.

Ürəyi doludur Əli Vəkilin,
Söz vuran qoludur Əli Vəkilin,
Yolu haqq yoludur Əli Vəkilin,
Düzlüyə aparan yol mənim olsun.

22 noyabr 1998