Mərd adam heç zaman arxadan vurmaz,
Yalandan heç kəsin üzünə durmaz,
Namərd ona görə namərd adlanır,
Vurar kürəyindən, kimsədən sormaz.
Yaxa vermə gəl namərdə həyatda,
Çalış sən arxa ol mərdə həyatda.
Mərdə elədiyin yaxşılıq itməz,
Düçar da olmazsan dərdə həyatda.
Namərd ki, mərd olmayacaq, a dostlar,
Yüz yol sən ətəklə, yüz yol sən yalvar.
Bircə bunu demək gəlir əlimdən,
Qoy həyatda namərdlərə olsun ar.
Anlayan adamın qulu ol qəlbdən,
Anlamazın ağası da olma sən.
Anlayana bir işarə kifayət,
Anlamaza gərək nağıl deyəsən.
Buzu gün əridər, aqillər deyib,
İnsanı xəcalət muma döndərib.
Elə səhv edib ki, insan dünyada,
Susub xəcalətdən gözünü döyüb.
Adam var pulu çox, ağlı yox – bilin,
Adam var ağlı çox, pulu yox – bilin,
Gərək yadımızdan çıxarmayaq ki,
Ağıllı adamın gözü tox, bilin.
Şeytanla dostluğun baş tutsa əgər,
Dar ağacına qədər davam edər.
Dünyada şeytanı kim tanımır ki,
Lənət söyləyirlər ona sərasər.
Şeytanla şərikli buğda əkən kəs,
Saman biçəcəksən, qəm etmə əbəs.
Axı o şeytandı, dən onun olar,
Sonda peşmançılıq heç fayda verməz.
Torpaq məşhur olur öz çörəyilə,
İnsan da ad alır öz əməyilə,
İnsan torpaq, torpaq insan vahiddir,
Şöhrət-şan qazanar hər kəs səsiylə.
Səni yetişdirən, səni doyduran
Torpaqdır, unutma onu heç zaman.
Torpaq müqəddəsdi, torpaq Vətəndi,
Çalış ayrı düşmə gen qucağından.
27 avqust 2002