Bu sevdanın şahı sənsən,
Sevinci sən, ahı sənsən,
Xoşladığım axı sənsən –
Mən mətinəm, mətin, gülüm.
İmtahana çək, bir də çək,
Birdir könlüm dönməyəcək,
Heç susarmı sevən ürək?
Mən mətinəm, mətin, gülüm.
Məhəbbətin qəlbə dayaq,
Gəl sahildə sən ol mayak,
Gizlənpaç da oynamayaq,
Mən mətinəm, mətin, gülüm.
Yollar daşlı, uzaq olsun,
Aramızda min dağ olsun,
Təki hicran irağ olsun,
Mən mətinəm, mətin, gülüm.
Hara uçsan, hara düşsən,
Ya çovğuna, qara düşsən,
Dar ayaqda harayla sən –
Mən mətinəm, mətin, gülüm.
25 oktyabr 1987