Görüşmürük gör haçandan?
Darıxmışam sənsiz yaman,
Gəl önümdə gülər dayan,
Gözlərinə möhtacam mən,
Sözlərinə möhtacam mən.
Gəl əzizlə, al könlümü,
Kaman kimi çal könlümü,
Sal odlara, sal könlümü,
Əllərinə möhtacam mən,
Tellərinə möhtacam mən.
Sənsiz bağa enməz bülbül,
Susar vallah, dinməz bülbül,
Qızılgülü anmaz bülbül,
Gülüşünə möhtacam mən,
Gəlişinə möhtacam mən.
Gətir mənə fərəhi sən,
Ürəfimin fərəhisən,
Bu ilqara, eşqə əhsən,
Kamalına möhtacam mən,
Salamına möhtacam mən.
Bu nə sevda, nə hikmətdi?
Qəlbimdə saf məhəbbətdi,
İlham pərim səadətdi,
Bu ilqara möhtacam mən,
Etibara möhtacam mən.
Sən ki, vuran ürəyimsən,
Qol-qanadım, diləyimsən,
Qismətim sən, gərəyim sən,
Daim sənə möhtacam mən,
Dönə-dönə möhtacam mən.
23 avqust 1998