Moskva-Tehran qatarında

Ay Tehrandan gələn qatar,
Sən Təbrizdə dayanmısan.
Həsrətimi bilən qatar,
Kövrəlmişəm yenə yaman!
Nəfəsində Təbrizimin
Havasını gətirmisən.
Qardaşımın arzusunu
Bakımıza yetirmisən.
Təbrizimdən keçən qatar!
Payız çağı gül ətirli
Havasından içən qatar!
Mən həsrətəm o yerlərin
Hər fəslinə, hər çağına!
Yalnız hava gətirmisən
Azərbaycan torpağından
Azərbaycan torpağına?
Gəzib bütün vaqonları
Havasından udum-udum.
Gözü yolda Şəhriyarı
Axı necə mən unudum?
Vaqonlarda gələn hava
Ürəyimin məlhəmidir.
Bəzən insan ümidi də
Yarasına məlhəm edir.
Ay Təbrizdə nəfəs alan,
Ay Təbrizi görən qatar!
Neçə nakam arzulardan
Mənə çələng hörən qatar!
Tale çoxdan yolda qoyub
Millətimin gözlərini.
Söylə haçan oxuyacaq
Vaqonların üzərində:
«Bakı – Təbriz » sözlərini?

1983