Müəllim

Bəhrəli bir bağın bağbanısan, bil,
Hamıya məxsusdu xoş ətri, barı.
Heç vaxt sönən deyil, azalan deyil
Qəlbinin atəşi, çırpıntıları.

Söylə, hansı alim, hansı bir memar
Səndən dərs almamış kamala çatıb?
Hər şair, hər həkim, dahi sənətkar
Yer verib qəlbində, sevib yaşadıb.

Dünənki şagirdin öz əlləriylə
Möcüzə yaradır, şəhərlər salır.
Fitri istedadı, əməlləriylə
Elin fəxri olur, yaddaşda qalır.

Gedirsən məktəbə hər səhər erkən,
Gözündə canlanır nurlu gələcək.
Şagirdin ad alıb dilə düşərkən
Sevincdən köksünə sığmayır ürək.

Mehdilər, Həzilər dərs alıb səndən
Doğma Vətən üçün iftixar oldu.
Qara saçlarına tez düşsə də dən,
Nəsibin səadət, ilk bahar oldu.

Vüqarlı dağ kimi ucadır başın,
Yurdumda böyükdür hörmətin sənin.
Kitablar, şagirdlər yaxın sirdaşın,
Nə gözəl sənətdər sənətin sənin.

Böyük dahilərə müəllim dedik,
Bu ad necə doğma, necə əzizdir.
Ülvi məxluq sayıb hey əzizlədik,
Həvəsin, ilhamın coşğun dənizdir!

23 aprel 2002