Müjdəçidi qaranquş, ilk bahara sözüm var,
İndi əli yetməyən yaylaqlara sözüm var.
Xoşdur gül üzlü yarın işvəsi də, nazı da,
Hər baxanda qəlbimi çəkir dara, sözüm var.
Ürəyimi üzdükcə Şuşa, Laçın nisgili,
Məndən aralı düşmuş uzaqlara sözüm var.
Ötüb keçir günlərim, hər fəsilin öz yeri,
Yaz gələndə güllərə, qışda qara sözüm var.
Hər bağçanın öz barı, hər ağacın meyvəsi,
Budaqda göz oxşayan qızıl nara sözüm var.
Xəritəmdən silindi bəxti qara Xocalım,
Axı, niyə uduzduq, düşdük tora, sözüm var.
Əli Vəkil kədərlə yazır bayatı, ağı,
Xəyanətdən don geyən satqınlara sözüm var.
26.07.2002