Murovdağ

Çox eşidib uşaqlar
Mrovdağın adını.
Yaxşı biləsiz gərək,
Hər oymağın adını.

Buludlarla öpüşür
Məğrur, uca Murovdağ.
Yayda sərin, səfalı,
Qışda qoynu qırov dağ.

Havası dərdə dərman,
İnsanlara gəl, – deyər.
Çobanlar yamacında
Sürüləri bəsləyər.

Tanıyın Murovdağı,
Qarabağın vüqarı.
Yeni nəğmə oxuyur
Çağlayan bulaqları.

Söyləyin, ay balalar,
Görmüsüzmü bu dağı?
Zirvəsinə qalxsanız,
Görəcəksiz uzağı!