Nədən

Bir yastığa baş qoyanlar
Yaşamasın qoşa, nədən?
Dəryada tale yelkəni
Gedib dəysin daşa, nədən?

Sirr var açıb deyəmmirəm,
Yadlara baş əyəmmirəm,
Qövr eləyir ürəkdə qəm,
Bədxah çıxır başa, nədən?

Öz yoluyla gedir həyat,
Çap köhləni sən ona çat,
Vəzifəli bürokrat
Öz həddini aşa, nədən?

Çeşmə şəffaf, göy səma nur,
Əfsanəvi bir dünya qur,
Vaxtı çatır xəzan olur
Bağlar başdan-başa, nədən?

Ağlar şəhidin anası,
Neçə igidin anası,
Dərdli didərgin anası
Hər gün ağı qoşa, nədən?

Qəmlidir Odlar ölkəsi,
Yoxa çıxıb şən nəğməsi,
Sərhəddə düşmən gülləsi,
Baxmır ömrə, yaşa, niyə?

Əli Vəkil düşür ası,
Kimnən bölsün bəs bu yası?
Dolub səbrimin kasası,
Az qalıbdır daşa, nədən?

5 oktyabr 1991