Nə deyim?

Kövrəlmişəm, ay ellər, insanlara nə deyim?
Torpaqlar əldən getdi, dosta, yara nə deyim?

Bəlalar çəkmiş başım, düşmən durub qəsdimə,
Xocalımda soyqırım, mən dostlara nə deyim?

Yağı arxalı oldu, həqiqətə göz yumdu,
Qarabağı itirdik, qu rüzgara nə deyim?

Dəli dağı, Keytini, Murovu bada verdik,
Arxasız qalıb indi, mən Qoşqara nə deyim?

Düşmən hiyləgər oldu, hər yetənə inandıq,
Axır bizi yamanca, saldı tora, nə deyim?

Şuşa şöhrət tacımız, qalanı qorumadıq,
Qəmgin axan, inləyən bulaqlara nə deyim?

Xəyanətin qurbanı oldu doğma yerlərim,
Elin başı aşağı, üzü qara, nə deyim?

Əli Vəkil, Göyçəni bada verdin, sözün nə?
Laçınıma, Ağdama – bu diyara nə deyim?

12 avqust 2002
Rusiya, İvanovo şəhəri