Nəğmə borcu

Canım, ciyərimsən, Azərbaycanım,
Bir nəğmə borcluyam haçandan sənə.
Şöhrətim, vüqarım, dinim, imanım,
Kimlər söz qoşmayıb gözəl hüsnünə?

Adına nə yazım layiqin olsun?
Şairlər min kərə «anamsan» – deyib.
Hər nəğmən tarixdə əbədi qalsın,
Çoxları ürəkdə sənə «can» – deyib.

Mən sənə bir nəğmə borcluyam axı,
Övladlıq borcu da çiynində yükdür.
Arxada qalıbdır ömrümün çoxu,
Anatək xidmətin, qayğın böyükdür.

Bəlkə vəsf eləyim dağlarını mən?
Mənsiz də düşüblər onlar nəğməyə.
Dolaşım doyunca bağlarını mən,
Güllərin ətrindən məst olum deyə.

İstədim Kəpəzdən, Göy göldən yazım,
Gördüm ki, olublar dillər əzbəri.
Muğandan söz salım, ya Mildən yazım,
Sən demə nəğməyə dönüb hər biri.

Qoy düşsün şeirimə coşğun Arazın,
Ürəkdən söz qoşum dəli Kürə də.
Gör necə gözəldir payızın, yazın,
Heyranam yaranan nəğmələrə də.

Dedim ki, söz salım övladlarından,
Gördüm hər birinin öz nəğməsi var.
Bakıdan, Təbrizdən danışım bir an,
Qəlbimi kövrəltdi həsrət, intizar.

Xəzəri seyr etdim Qız qalasından,
Misralar səsləndi qulaqlarımda.
Səni düşünürəm, səni hər zaman,
Adın hey gül açır dodaqlarımda.

Cənublu, şimallı Azərbaycanım,
Odlu bir ürəksən, ürək bölünməz.
Ay mənim həyatım, ay mənim canım,
Nəğməm bir çiçəkdir, çiçək bölünməz.

Adına bir nəğmə yazmalıyam mən,
Araz sevinc çayı adlanan zaman.
Yüz yol təbrik edib səni ey Vətən,
Onda çıxacağam mən öz borcumdan!

24 aprel 1989