Nə ola, möcüzə baş verə bu gün,
Qəfildən qapımı açasan, gülüm!
Qaranlıq gecədə nur yaya üzün,
Haçan gələcəksən, sən, haçan, gülüm?..
Hər kəsin könlündə min-min arzu var,
Əhdə, etibara arzalanmışam.
Ürəyim həmişə səni arzular,
Eşqini parlayan günəş sanmışam.
Qəlbində ən ülvi, alovlu hisslər,
Qapımı Günəşlə gəl qoşa aç sən.
Sökülüb dan yeri, güləndə səhər
Gözlərim qamaşsın şəfəqinizdən.
Nə ola, möcüzə baş verə bu gün,
Qəfildən qapımı açasan, gülüm!
Qaranlıq gecədə nur yaya üzün,
Haçan gələcəksən, sən, haçan, gülüm?..
1985