Nə olacaq?

Salam, ay iş masam, salam, dan yeri,
Bu səhərə nə olacaq hədiyyəm?
Bilməm necə cilovlayım hissləri?
Bu səhərə nə olacaq hədiyyəm?

Hər səhərin açılması töhfədir,
Ötən hər gün axı, ömürdən gedir,
Tarix olur, bu dünyanı tərk edir,
Bu səhərə nə olacaq hədiyyəm?

Hər səhərin öz yeri var ömürdə,
Hədiyyəsi, izi qalar ömürdə,
Zəfər olsun qoy bizə yar, ömürdə,
Bu səhərə nə olacaq hədiyyəm?

Səhərlər eşqinə yaşayır insan,
Qəlbində fərəh, qəm daşıyır insan,
Min ümid bəsləyir ona hər zaman,
Bu səhərə nə olacaq hədiyyəm?

Bircə gündə neçə insan doğulur,
Ömrü tamamlanan, ölən də olur,
Beş gül açılırsa, bir gül də solur,
Bu səhərə nə olacaq hədiyyəm?

Əli Vəkil, səhərləri sal yola,
Nəğməli səhərlər köməyn ola,
Qoyma işin gələn səhərə qala,
Bu səhərə nə olacaq hədiyyəm?

6 sentyabr 2000