Həyatın mənası artıb gözümdə,
Qoynuna səsləyir məni bağçalar.
Yaman şirinləşib şeirim, sözüm də,
«Nə yaxşı sən varsan, məhəbbətin var!»
Dözərəm şaxtaya, dözərəm qara,
Qəlbimdə yurd salıb çiçəkli bahar.
Sadiqəm həyatda eşqə, ilqara,
«Nə yaxşı sən varsan, məhəbbətin var!»
Qəlbimi günəştək qızdırır eşqin,
Gözlərim həmişə səni axtarar.
Mənə nəğmələri yazdırar eşqin,
«Nə yaxşı sən varsan, məhəbbətin var!»
Üzünü görməsəm darıxaram mən,
Sənsiz tutammaram bir yerdə qərar.
Ayrılsan arxanca hey baxaram mən,
«Nə yaxşı sən varsan, məhəbbətin var!»
Üzümə gülübdür bəxtim, taleyim,
Püşkümə düşmüsən, ay sevimli yar.
Ömrün uzun olsun, ayrı nə deyim:
«Nə yaxşı sən varsan, məhəbbətin var!»
1985