Dönüb baxdı o qız bir də,
Dindi könlüm pərdə-pərdə,
Bəzən nazlı gözəllərdə
Gözündən gülmək var imiş!
Mən sevirəm saf niyyəti,
Xoşdur insan ülviyyəti,
Bəxtəvərik, hər möhnəti,
Ürəkdən silmək var imiş!
İlqarımız möhkəm, mətin,
Şən arzusuz gülmək çətin,
Fəxr edək ki, məhəbbətin
Qədrini bilmək var imiş!
Ömür keçir güllü yazda,
Min məna var xoş avazda,
Nə yaxşı ki, dünyamızda
Sevib-sevilmək var imiş!
1977