Nəzər sal ağaca, tut yarpağından

Nəzər sal ağaca, tut yarpağından
Bəsləsən, atlas olar tut yarpağından.
Zəhmətə bağlıdır dünyada hər şey,
Nələrə, nələrə qadirdir insan?

Deyiblər ki, nahaq qan yerdə qalmaz,
Qarabağ yarası heç vaxt sağalmaz.
Nə qədər ki, torpaq yad tapdağında,
Salnaməçi, bu dərdimdən sən də yaz.

Kiş deməklə donuz bostandan çıxmaz,
Saymaz heç kimsəni, yox, sözə baxmaz.
Donuz da donuzdur, nə demək olar?
Çıxarsa bostançı, vallah, darıxmaz.

Gəmidə oturub gəmiçi ilə
Dava etməginən sən belə billə-bilə.
Gəmiçi gəminin dilini bilir,
Düşürsə gəmidən qalarsan belə.

Kor-kor, gör-gör, deyən doğru söyləyib,
Həyata, aləmə düz baxın, deyib.
Nəyisə görməmək mümkünmü məgər?
Həqiqət önündə hamı baş əyib.

Həqiqət önündə hamı baş əyib,
Aqillər hər şeyi açıq söyləyib.
Ağıllı adamlar həyatı boyu
Aqilin sözünə əməl eyləyib.

Toyuq su içəndə Allaha baxar,
Bilir ki, başı üstə Tanrısı var.
Sadiq, mömin bəndə sayılır daim,
İlahini yad edib üz tutanlar.

Tazının sahibi varsa dünyada,
Tülkünün də Allahı çatır dada.
Hərənin öz bəxti, öz qisməti var,
Bəxti onunladı harda olsa da.

Məmə verməyirlər ağlamayana,
Körpə ağlamasa döş verməz ana.
Ağlasın həyatda yalnız uşaqlar,
Ağlamaq yaraşmaz məğrur insana.

On iki imama yalvarınca sən,
Tək Allahdan imdad istə bunca sənö
Gərək unutmayaq imamları da,
Nə istəsən istə sən İlahidən.

15 sentyabr 2002