Naxır

«Naxır gəldi örüşdən,
Naxır getdi örüşə!» –
Nənəm bunu, ay ata,
Belə deyir həmişə.

Naxır nədir? Söylə bir,
Örüş nədir? De mənə.
Bu sözləri babam da
İşlədir dönə-dönə.

– Mal-qaranı bir yerə
Toplayırlar hər səhər.
Onların hamısına
Kənddə naxır deyirlər.

Harda otlasa naxır –
Ora örüş adlanır.
Naxır otdan doyanda
Naxırçı da şadlanır.