Söz düşür Vətənə, elə xidmətdən,
Özüm də bilmirəm nə deyim bu gün?
Elimə, obama çox borcluyam mən,
Hələ neyləmişəm Vətənim üçün?
Axı neyləmişəm sinəmə döyüm?
Bu yurdun gör necə nəhəngləri var.
Necə qürrələnim, özümü öyüm,
Tarixə şöhrətdir cəsur oğullar.
Fəxri övladları – Koroğlu, Babək,
Nizami, Füzuli tarixə şöhrət.
Hünərdə, qeyrətdə hər oğlu Babək,
Vətəni sevməkdir ən böyük hikmət.
Tarixdə yaşayır ölməz Nəsimi,
Dərisi soyuldu uf da demədi.
Qalıb yaddaşlarda qəhrəman kimi,
Nəğməsi əbədi, sözü əbədi.
Kimlərdən söz açım, kimlərdən deyim?
Şair Vaqifindən, Xətaisindən.
Onların önündə yenə baş əyim,
Bir dünya sayıram Üzeyiri mən.
Elin Məhsətisi, Natəvanı var,
Adları əbədi yaşayacaqdır.
Basılmaz, yenilməz Səttarxanı var,
Qəhrəman adını daşıyacaqdır.
Neçə torpaq oğlu, neçə hünərvər,
Bol nemət yaradır, yoruldum, demir.
Əhmədlər, Sərdarlar qalxıb hər səhər,
İşləyir, tər tökür, yoruldum demir.
Şamama, Qızqayıt, Sevil, Zəminə,
Bəstinin adını yaşadır ellər.
Fərman Salmanovu yad edək yenə,
Hələ yetişəcək neçə sevillər.
Müqəddəs insanlar, məğrur insanlar,
Bir dəfə «mən» – deyib öyünməyiblər.
Vətəndə əlçatmaz zirvədir onlar,
Heç vaxt gileylənib, deyinməyiblər.
Bu elin oğluyam, borcum var hələ,
Kaş verə biləydim övlad borcunu.
Borcluyam Vətənə, borcluyam elə,
Gərək unutmayam heç zaman bunu!
Ulu babaların torpaq borcunu!
İyun 1978