İlahə qızısan doğma diyarın,
Ürkək-ürkək baxıb qəlbimi üzmə.
Əsiri olmuşam sənintək yarın,
Süzmə gözlərini, gəl belə süzmə.
Dünyada tək sənə vurğundu qəlbim,
Belə işvə olmaz, belə naz olmaz.
Aşiqəm, sevgidən yorğundu qəlbim,
Nəğməsiz nə sevgi, nə də yaz olmaz.
Sənsən vəfadarım, ətrin nə gözəl,
Öz gözün özünə dəyər amandı.
Mənimsən, əzizim, sən axır, əzəl,
Əllərim əlini, telini andı.
Var-dövlət xoşbəxtlik bəxş etmir, gülüm,
Təmiz məhəbbətlə gülsün ürəklər.
Əlini qəlbində yaşat, sevgilim,
Ülvi bir niyyətlə gülsün ürəklər!
Sevgidən ilhama gəlsin ürəklər!
6 iyun 1990