Novruzum, gəl

Cana gəlir ana torpaq,
Ətir saçır hər bağça, bağ,
İlk bahara Nəğmə qoşub
Alqışlayır yaxın, uzaq.

Sevinc gətir bizç, Novruz,
Ömrümüzü bəzə, Novruz,
Köhnə ili yola saldıq,
Qədəmləri təzə Novruz.

Seyrə çıxaq dağları biz,
Tarlaları, bağları biz,
Gözlərimiz yollarında,
Anıb səni ellərimiz.

Qanad çalsın qaranquşlar,
Yazdan xəbər verən quşlar,
Hər ilimin öz sevinci,
Novruz adlı müjdəsi var.

Bu, qərənfil, bu da nərgiz,
Fərəhimiz coşğun dəniz,
Novruzgülü dəstə-dəstə
Bağışlayın dostlara siz.

Tonqallardır alovlanan,
Qəm-kədərdir odda yanan.
Yamaclarda üzə çıxıb
Novruzgülü qar altından.

Həyətlərdə tonqal çatın,
Qapı pusun, dəsmal atın,
Al boyansın yumurtalar,
Cövüz, fındıq şaqqıldadın.

Zəfəranlı plov yeyin
Analara əhsən deyin,
Xonçalarda yansın şamlar,
İlk baharı əzizləyin.

Nə gözəldir səmənimiz,
Yamyaşıldır çəmənimiz,
Dolaşağın başdan-başa
Yamacları, çəməni biz.

Allı-güllü bayramımsan,
İncə telli bayramımsan,
Yaranmısan elimlə bir,
Mənim mili bayramımsan!

7 mart 1989