Oğlum

ƏLİ VƏKİL: hörmətli dinləyicilər! İndiyədək televiziya və radio verilişlərində müxtəlif mövzularda dəfələrlə çıxış etmişəm. Lakin heç vaxt bu günkü qədər həyəcanlamamışam. Bu da səbəbsiz deyil. Axı, bu gün – gənclərimizin Sovet Ordusu sıralarına yola düşdükləri bir vaxtda mənə şair kimi deyil, əsgər atası kimi çıxış etmək nəsib olmuşdur. Əlbəttə, əsgəri xidmətə övlad yola salmış və yola salan bütün ataların hiss və həyəcanlarını, xoş arzularını ifadə etmək mənim üçün çox xoşdur. Doğrudan da xoşbəxtəm. Necə fəxr etməyim ki, dünən atalarımızın Böyük Vətən müharibəsində hitlerçilərə qarşı mərdliklə vuruşub qanları bahasına qoruduqları möhtəşəm Vətənimizi, onun dinc səmasını bu gün mərdliklə qoruyanların sırasında mənim oğlum da var. O, uğrunda babasının həlak olduğu müqəddəs torpağın keşiyində sayıq dayanıb. O, bu günkü xoşbəxt həyatımızı, sabahkı daha firavan ünlərimizi qoruyur. O, sülhün, əmin-amanlığın əsgəridir. Ata üçün bundan böyük səadət ola bilərmi? İstər-istəməz qəlbindəki xoş hisslər misralara, şeirə çevrilir.
Vüqar ortancıl oğlumdur. Frunze adına İvanovo Toxuculuq İnstitutunda oxuyur. İmtahanları müvəffəqiyyətlə və vaxtından əvvəl, müvəffəqiyyətlə verib ikinci kursa keçdi. İyun ayının 29-da isə İvanovo şəhərindəki əsgəri xidmətə yola düşdü. Vüqar Sovet Ordusu sıralarına yollanınca qəlbimdə «Oğlum» şeiri yarandı. Həmin şeiri kağıza köçürüb Vüqara verdim:

Gedirsən Vətənə keşik çəkməyə,
Qoy gəlsin xoş sədan, sorağın, oğlum!
Adınla öyünək mərd əsgər deyə,
Qaliblər böyüdüb torpağın, oğlum!

Sayıq ol, sərhəddi quş da keçməsin,
Vətən bulağından yadlar içməsin,
Düşün əcdadını, nə çəkin, nə sin,
Qorxmazlıq, mətanət yarağın, oğlum!

Yaşat ürəyində Odlar yurdunu,
Qorxmazlar yurdunu, mərdlər yurdunu,
Canından əziz bil, Vüqar, yurdunu,
Xoş keçir hər günün, növrağın, oğlum!

Səndən söz düşəndə güləcək üzüm,
Ata öyüdüdür, alqışdır sözüm,
Sən vuran ürəyim, sən iki gözüm,
Zəfər bayrağıdır bayrağın, oğlum!

Adın çəkiləndə öyünsün anan,
Olubdur həmişə oduna yanan,
Namərddir çətində andını danan,
Dırmaş zirvəsinə hər dağın, oğlum!

Əsgər geyimində bir gənci görcək,
Sevincdən köksümə sığarmı ürək?
Əsgər atasıyam, öyünəm gərək,
Sönməsin ilhamın, marağın, oğlum!

Yaddan çıxarmarıq heç vaxt bunu biz,
Cavabsız qoymarıq məktubunu biz,
Səninlə olacaq daim qəlbimiz,
Yurdun keşiyində durağın, oğlum!