Ola bilməz

Məhəbbət ilahidir, ondan pay ola bilməz.
Gözəllərdən heç biri sənə tay ola bilməz.

Hər aşiqin öz yarı,  sevimli dildarı var,
Kimsə səni, ay gülüm, əlimdən ala bilməz.

Haqqı var eşq əhlinin sədaqətli yar seçsin,
Təmiz qəlblə sevirsə, yadlara qala bilməz.

Könül açar həyatda sevənlər bir-birinə,
Hər aşiq qəlb sazını kökləyib çala bilməz.

Eşq bağçası gül açır bahar olsun, qış olsun,
Məhəbbət çiçəkləri heç zaman sola bilməz.

Könül açan, dil tökən nə çoxdur yer üzündə,
Saf məhəbbət yoxdursa, gözləri dola bilməz.

Əli Vəkil, nəzər sal, ötüb keçən illərə,
İnsan ötən günləri yenidən bula bilməz.

17 avqust 2002
Rusiya, İvanovo şəhəri