Olacaq

Təmiz qəlblə sevən aşiq
Vallah bəxtiyar olacaq.
Onun ülvi məhəbbəti
El içində car olacaq.

Öz sözünə sadiq qalsan,
Xoşladığın qızı alsan,
Məhəbbətdə zəfər çalsan,
Bil ki, əğyar xar olacaq.

Sevgi, vüsal necə şirin,
Dilə düşüb Fərhad, Şirin,
Dəryalar tək eşqin dərin,
Tale sənə yar olacaq.

Günəşlə Yer məhəbbəti,
Yox edir qatı zülməti,
Vəfasıza sözüm qəti,
Dünya ona dar olacaq.

Əli Vəkil, sən də qonaq,
Gah Günəşdə, çəndə qonaq,
Sözlərin yadda qalacaq,
Qismətin bahar olacaq.

22 iyul  2002