Olacaq

Vüsalına yetən aşiq qüssədən azad olacaq,
Məhəbbətin şərəfinə söz deyən dodaq olacaq.

Səni bir an unutmaram, həsrətinə dözəm gərək,
Biz üz-üzə gələn anda qızaran yanaq olacaq.

Gəldi-gedər dünyamızda öz payını bulsun aşiq,
Tale güləcəkdir bizə, əhvalımız çağ olacaq.

Nə yazsam da azdır, gülüm, sənin doğru, düz əhdindən,
Qəm eləmə hicran, kədər qəlbinə yasaq olacaq.

Yaxşı qoru bu cahanda sən əhdini, ilqarını,
Bizim görüş, sirr yerimiz bu kiçik otaq olacaq.

Ey məh, gəlib gülə-gülə hər dərdimə şərik çıxsan,
Sən olmasan, bəs dərdimə kim gəlib ortaq olacaq?

Buyur, tez-tez qonağım ol, sinəm üstən sal yolunu,
Əli Vəkil sənin üçün söz qanan uşaq olacaq.

14 fevral 2003